2019-cu il iyunun 17-dən 21-dək Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi İspaniyanın Kadiz Universitetində Erasmus+ layihəsi çərçivəsində keçirilən Beynəlxalq İşçi Həftəsində iştirak etdilər. Proqram çərçivəsində məruzələr, təqdimatlar, kampus turları təşkil edilməklə yanaşı, Kadiz Universitetində həyata keçirilən elmi tədqiqat işləri və həmin universitet tərəfindən əldə olunmuş müxtəlif qrantlar haqqında proqram iştirakçılarına ətraflı məlumatlar təqdim olundu. Tədbir zamanı Kadiz Universitetinin Beynəlxalq əlaqələr ofisinin Baş direktoru professor Juan Carlos García Galindo ilə görüşlər təşkil olunaraq, tələbə və işçi heyətinin mobilliyi, müştərək elmi rəhbər, birgə qrantlar, ikili diplom və digər bir sıra məsələlər müzakirə olundu.
Bu tədbirdə 21 ölkənin 45 ali təhsil müəssisələrindən 100-ə yaxın iştirakçı öz təcrübələrini digərləri ilə bölüşdü.
Eyni zamanda, Kadiz Universitetində Erasmus+ proqramı ilə mübadilədə iştirak edən Xəzər Universitetinin doktorantı Moozhan Serpoush ilə də görüş keçirildi. Moozhan Serpoush iyunun 17-də Kadiz Universitetinin Biomedikal Tədqiqat İnstitutunda (INIBICA) “Azərbaycanın mədəni və yabanı arpa nümunələrinin genetik müxtəlifliyini molekulyar markerlər vasitəsilə öyrənilməsi” (“Studying genetic diversity in Azerbaijan wild and cultivated barley accession by molecular markers”) adlı məruzə ilə çıxış etdi. Seminarda institutun direktoru professor Francisco Jose Garcia Cozar yanaşı post-doktorant və doktorant tələbələr də iştirak edirdilər.