2019-cu il iyunun 28-də Xəzər Universitetinin əməkdaşları Tbilisidə, Gürcüstanın İlia Dövlət Universitetində PAWER layihəsi çərçivəsində keçirilən regional konfransda və təlimdə iştirak etdilər.
L'Aquila Universitetinin (İtaliya) koordinasiya etdiyi PAWER (Regionlararası Mobilliyin və Keçid Uyğunluğunun Yolunun Açılması, Keyfiyyət və Keçid Bərabərliyi) layihəsinin iştirakçılarından biri də Xəzər Universitetidir. Layihə, kredit ayırma və qiymətləndirmə sistemini uyğunlaşdıraraq, AB və tərəfdaş ölkələr arasında hərəkətliliyi təşviq etməyi və dəstəkləməyi hədəfləyir.
Konfransda Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti (Azərbaycan), Middlesex Universiteti (Böyük Britaniya), İlia Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Akaki Tsereteli Dövlət Universiteti (Gürcüstan), Gürcüstan Milli Erasmus+ ofisinin nümayəndələri iştirak edirdilər. Tədbirdə Xəzər Universitetini Humanitar, təhsil və sosial elmlər fakültəsinin müəllimi Ülkər Bayramova və İnkişaf Mərkəzinin layihə meneceri Tural Hüseynli təmsil edirdilər.
Tərəfdaş universitetlərin nümayəndələri layihə çərçivəsində həyata keçirilmiş işlər və tələbə mübadiləsinin yerinə yetirilməsi üçün universitetlərarası sənədlərin hazırlanması, qazanılmış kreditlərin hesablanması və s. məsələlər haqqında məruzələr etdilər.
Konfrans iştirakçılarına, həmçinin, layihə tərəfdaşları olan universitetlərin qoşulması üçün Middlesex Universiteti nümayəndələrinin universitetlərarası tələbə mübadiləsi zamanı fənlərin seçilməsi və kreditlərin hesablanmasını həyata keçirmək üçün hazırladığı saytın demo təlimi keçildi.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edildi.