2019-cu il iyunun 15-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “İƏT Modeli –Xarici İşlər nazirlərinin konfransı” beynəlxalq tədbirinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
2019-cu ilin aprelindən davam edən “İƏT Modeli –Beynəlxalq Münasibətlər Akademiyası 2019” proqramının yekun mərhələsi olan simulyasiya konfransı 100-dən çox gəncin, o cümlədən 20 beynəlxalq universitetin tələbələrinin iştirakı ilə keçirildi. Konfransda 57 islam ölkəsinin nümayəndələri iştirak edirdilər.
Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin regionşünaslıq, politologiya və beynəlxalq münasibətlər ixtisasının 20-yə yaxın bakalavr tələbəsi də bu tədbirdə iştirak edirdi. Onların hər biri müxtəlif İslam ölkələrinin təmsilçisi kimi iştirak edərək, hazırladıqları məruzələrlə çıxışlar etdi, öz həll nəticələrini irəli sürdü. Departamentin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 2-ci il tələbəsi John Ayomide Arogunun “ABŞ-ın Yaxın şərq siyasəti və ABŞ-İran müharibəsinin təhlükələri” (“Near East Policy of the US and the risk of the US-Iran war”) adlı məruzəsi tədbirin “ən yaxşı” məruzəsi seçilərək, xüsusi mükafatlandırıldı.
Konfrans iki hissədən ibarət idi. Birinci hissədə İran və ABŞ dövlətləri arasında olan konfliktlər müzakirə edildi, ikinci hissədə isə Azərbaycan və Ermənistan dövlətləri arasındakı konfliktlər müzakirə edildi. Hər hissənin sonunda sədr tərəfindən verilən qətnamə layihəsində (draft resolution) iştirakçı ölkələr tərəfindən dəyişikliklər edilərək, bu dəyişikliklərə bütün ölkələrin nümayəndələrinin səs verməsi ilə qərar verilirdi.
Bağlanış mərasimində İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndəliklərin, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, ictimai xadimlər və həmçinin, builki proqramın məzunları olan gənclər iştirak edirdilər. Sonda hər bir tələbə iştirakına və məruzə ilə çıxışına görə sertifikatlarla mükafatlandırıldı.