Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin tələbələrindən ibarət “The İntangibles” komandasının “Uğurlu səhm seçimi” müsabiqəsində üçüncü yer tutması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) daxil olmuş təşəkkür məktubunu təqdim edirik.
Xəzər Universitetinin Direktorlar
və Qəyyumlar Şurasının sədri
professor Hamlet İsaxanlıya
Hörmətli Hamlet müəllim!
Bu il iyirmi illik yubileyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu çərçivədə bir sıra silsilə tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur ki, bunlardan biri də “Uğurlu səhm seçimi” (“Stock Pitch”) analitik müsabiqəsinin təşkili olmuşdur. Bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələrin dörd nəfərlik komandalar şəklində iştirakı ilə baş tutan yarışmada tələbələr sözügedən mövzuda öz mühakimə və təhlil bacarıqlarını nümayiş etdirmiş və nəticələr ARDNF-nin bu sahədə təcrübəli mütəxəssisləri tərəfindən qiymətləndirilmişdir. Ümumilikdə on bir universitetdən altmış üç komandanın iştirak üçün müraciət etdiyi müsabiqənin ümumi uduş fondu 10 000 AZN məbləği təşkil etməklə, birinci, ikinci və üçüncü yerlərin qaliblərinə müvafiq olaraq 5 000, 3 000 və 1 000 AZN məbləğində mükafatlar ayrılmışdır. Bununla yanaşı, final mərhələsində iştirak edən komandaların üzvlərinə müvafiq sertifikatlar təqdim edilmiş və müsabiqədə uğurlu çıxış etmiş iştirakçılara ARDNF-də təcrübə keçmək imkanının verilməsi nəzərdə tutulmuşdur.
Sözügedən müsabiqədə Xəzər Universitetini təmsil edən Xəyalə Şirəliyeva, Mürsəl Qulami, Murad Nuriyev və Məhəmməd Bağırlıdan ibarət “The Intangibles” komandası bütün mərhələlərdə təqdirəlayiq çıxış edərək, toplamda dörd komandanın seçilərək qatıldığı final mərhələsinə yüksəlmişdir. Gərgin rəqabət şəraitində baş tutan final mərhələsində adıçəkilən komanda sonda uğurlu nəticə nümayiş etdirərək, müsabiqəni üçüncü sırada tamamlamışdır.
Qeyd edilənləri nəzərə alaraq, rəhbərlik etdiyiniz təhsil müəssisəsinə ARDNF adından dərin təşəkkürümüzü bildirir və gələcəkdə də bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
İcraçı direktor
Şahmar Mövsümov
10 iyun 2019