2019-cu il mayın 23-də Xəzər Universitetinin kollektivi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) ölkə üzrə rəhbəri Mayor Kourtney Olso, onun köməkçisi Emily Libruk, ABŞ-ın Ukraynadakı Elm və Texnologiya Mərkəzinin (STCU) Azərbaycan üzrə nümayəndələri ilə görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı elm ocağının fəaliyyət istiqamətləri, barədə məlumat verərək xəstəliklərlə mübarizədə “Tək sağlamlıq” konsepsiyasının region ölkələri üçün əhəmiyyətindən danışdı. Universitetin rektoru dosent İradə Xəlilova elm xadimlərinin birgə layihələrdə, konfranslarda, regional görüşlərdə iştirakının əhəmiyyətini vurğuladı. Həmçinin, əməkdaşlığın genişləndirilməsi üçün region ölkələrinin (Gürcüstan, Türkiyə) həmkarları və TAMA-nın rəhbərləri ilə birgə elmi layihələrin, təlimlərin keçirilməsinin “tək sağlamlıq” prinsipinin əsas konsepsiyası olduğunu bildirdi. TAMA-nın ölkə üzrə rəhbərinin köməkçisi Emily Libruk tədbir iştirakçılarına agentliyin xəstəliklərlə mübarizədə əsas istiqamət və perspektivlər haqqında kiçik prezentasiya təqdim etdi.
Həmçinin, tərəflər Bioloji Təhlükənin Azaldılması Proqramı üzrə əməkdaşlıq perspektivlərini müzakirə edərək, insan resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Professor Hamlet İsaxanlı nümayəndə heyətinə elmi layihələrin keçirilməsi üçün Xəzər Universiteti ilə də sıx əməkdaşlıq etməyi təklif etdi. TAMA-nın ölkə üzrə rəhbəri Mayor Kourtney Olso səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırdı.