2019-cu il mayın 20-dən 23-dək Xəzər Universitetinin əməkdaşları Bişkekdə, Qırğızıstan Milli Kənd Təsərrüfatı Universitetində PAWER layihəsi çərçivəsində keçirilən idarəetmə görüşündə və təlimdə iştirak etdilər.
L'Aquila Universitetinin (İtaliya) koordinasiya etdiyi PAWER (Regionlararası Mobilliyin və Keçid Uyğunluğunun Yolunun Açılması, Keyfiyyət və Keçid Bərabərliyi) layihəsinin iştirakçılarından biri də Xəzər Universitetidir. Layihə, kredit ayırma və qiymətləndirmə sistemini uyğunlaşdıraraq, AB və tərəfdaş ölkələr arasında hərəkətliliyi təşviq etməyi və dəstəkləməyi hədəfləyir.
Gürcüstan, Macarıstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Tacikistan və Özbəkistan universitetlərinin nümayəndələri təlimdə bir araya gəldilər. Tədbirdə Xəzər Universitetini Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Dr. Fəxrəndə Əlimərdanova və Humanitar, təhsil və sosial elmlər fakültəsinin müəllimi Ülkər Bayramova təmsil edirdilər.
Təlimin məqsədi Bolonya prosesi, AKTS (ECTS), mobillik sazişləri, mübadiləsi zamanı və sonrasında dəstək, hərəkətlilik siyasəti və s. daxil olmaqla, tələbələr və işçilərin hərəkətliliyinə dair mühüm məsələləri müzakirə etmək idi. Təlim, həmçinin, ölkələrində seminarlar və bacarıqların artırılması ilə layihə məlumatlarının yayılmasına davam edəcək olan milli təlimçiləri hazırlamağı nəzərdə tuturdu.