2019-cu il mayın 24-də Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı” və Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatlarını almış yazıçı Şərif Ağayar Xəzər Universitetində “Yaradıcı yazı” fənninin qonağı oldu. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Səkinə Ələkbərlinin yazar haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları Şərif Ağayarın “Nəsrin əsas qaydaları və nəsrdə təhkiyə üslubunun seçilməsi” mövzusunda mühazirəsini dinlədilər. Ş.Ağayar “Arzulardan sonrakı şəhər” romanı əsasında öz yaradıcılıq laboratoriyasından danışdı. “Yaradıcı yazı”çıları yeni ədəbiyyat yaratmağa çağırdı. O, tələbələrdən Fəridə Həsənli, Sadiq Mirzəyev, Suqra Əliyeva, Nərmin Ələkbərova və Aytac Həsənova ilə dialoq quraraq, onların mülahizələrini dinlədi, verilən sualları cavablandırdı.