Azərbaycan Cümhuriyyətinin 101-ci ildönümü ərəfəsində Xəzər Universitetinin müəllimi tarix elmləri doktoru Nəsiman Yaqublunun “Polyakların Azərbaycanda fəaliyyəti” kitabı nəşr edilmişdir. Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilən kitabın yaxın günlərdə geniş təqdimatı keçiriləcək.
Kitabda Azərbaycanda yaşamış polyakların üç istiqamətdə fəaliyyəti tədqiq edilmişdir: 1) Polyakların neft sənayesinin inkişafında xidmətləri; 2) Polyakların şəhərin arxitektura sahəsində çalışmaları; 3) Polyakların Azərbaycan Xalq Cümhuriyyəti dövründə rolu.
Eyni zamanda, Bakı şəhərinin müasirləşməsində, hüquq sisteminə aid sahələrin yaranmasında ciddi rol oynamış polyak mütəxəssislərin də fəaliyyəti kitabda arxiv sənədlərinə istinadən oxuculara təqdim olunmuşdur. Kitabda polyakların fəaliyyətinə aid çoxlu sayda fotolar, arxiv sənədləri də toplanmışdır. Bu kitabdakı materiallardan tanınmış arxitektorlardan Y.Qoslavskinin, Y.Plyoşkonun, Cümhuriyyət dönəmində çalışmış L.Kriçinskinin, O.Kriçinskinin, M.Sulkeviçin və digərlərinin fəaliyyətləri ilə bağlı məlumatlar öyrənmək mümkündür.