“Mənim uşaqlıq vaxtımdan etibarən sənaye mühəndisliyini öyrənməyə həvəsim var idi, amma bu sahədə bakalavr dərəcəsini əldə etdikdən sonra, bankda işləməyə başladım. Öz işimdən o qədər məmnun idim ki, bank sahəsində peşəkarlığımı artırmaq üçün magistr səviyyəsində təhsilimi davam etdirməyə qərar verdim,” –deyir İndoneziyadan olan Xəzər Universitetində təhsil haqqının ödənişindən tam azad edilən 2-ci kurs MBA tələbəsi Danu Setiawan.
“Xəzər Universitetindəki MBA proqramının ən böyük üstünlüyü ondan ibarətdir ki, müəllimlərin əksəriyyəti bank sektorunun müxtəlif sahələrində işləyən mütəxəssislərdir və bu, bilikləri birbaşa əldə etməyə imkan verir”.
“Xəzər Universitetinin digər universitetlərlə yaxşı münasibətləri var və mübadilə proqramlarına qatılmaq, xaricdə bir və ya iki semestr oxumaq üçün imkan yaradır. Mən Mövlanə Mübadilə Proqramına qatıldım və Türkiyədəki Çukurova Universitetində bir semestr təhsil aldım. Türkiyədə olduğum vaxt 20-dən çox şəhərə səyahət etdim –bu, həm öyrənmək, həm də Türkiyəni kəşf etmək üçün gözəl bir fürsət idi”.
“Mən səyahət etməyi çox sevirəm və Azərbaycanı təkcə təhsil üçün deyil, həm də turistik bir yer kimi tövsiyə edirəm. Azərbaycanın bir neçə rayonunda oldum, ancaq mənim sevdiyim rayon Qazaxdır, ora dostumun məsləhətindən sonra getdim. Onun məsləhətinə qulaq asdığım üçün xoşbəxtəm. Qazax özünün yaşıl təpələri və əsrarəngiz təbiəti ilə gözəldir,” –söyləyir Danu Setiawan.
Danunun tam müsahibəsini bu link vasitəsilə oxumaq mümkündür:
Qeyd edək ki, Danu Setiawan ilə aparılan müsahibə universitetin Beynəlxalq əlaqələr ofisinin təşkil etdiyi “Dünya və Xəzər” layihəsi çərçivəsində baş tutmuşdur. Layihə çərçivəsində Xəzər Universitetinin əcnəbi tələbələrindən silsilə müsahibələr götürülür.