2019-cu il aprelin 19-da Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında “Peşə, ixtisas seçimi” mövzusunda elmi-praktik konfransı keçirildi. Qaradağ Rayon Gənclər və İdman İdarəsinin və “Kainat” Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi şagirdlərə gələcəkləri üçün düzgün peşə, ixtisas seçmələrinə yardım göstərmək idi.
Tədbiri Qaradag İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açaraq, abuturiyentlərə uğurlar arzuladı. Sonra “Kainat” Təhsil Mərkəzinin təsisçisi və direktoru İlqar Ağakişiyev konfransın məqsədi haqqında məlumat verdi.
Konfransda Xəzər Universitetini professor Fuat Rəsulov və Xəyalə Ələkbərova təmsil edirdilər. Konfransda Xəzər Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti iştirak edirdi. Konfransda hər universitet öz təqdimatını keçirdi və sualları cavablandırdı. Foyedə isə hər universitet öz sərgisini quraraq, bukletlərini və digər əyani vəsaitləri təqdim edirdi.