2019-cı il aprelin 13-də Xəzər Universitetinə tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulov və Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova universiteti regionlarda tanıtmaq məqsədilə İsmayıllı şəhərinə səfər ediblər.
Səfərin əsas məqsədi 11-ci sinif şagirdləri ilə görüşərək, universitet haqqında məlumat vermək və eyni zamanda, İsmayıllıdakı “Niyal” hazırlıq kurslarının dəvəti ilə respublikanın orta məktəblərində keçiriləcək buraxılış imtahanlarına psixoloji hazırlıq məqsədilə “İmtahan həyəcanı” mövzusunda psixoloji seminarın keçirilməsi idi.
Tədbiri “Niyal” hazırlıq kursunun müdiri Həsən Məmmədov açdı. O, qonaqları salamladı və sözü Fuat Rəsulova verdi. Fuat müəllim Xəzər Universiteti tərəfindən İsmayıllı rayonunda mütəmadi tədbirlər keçirildiyini bildirərək, seminara gələn iştirakçılara öz təşəkkürünü bildirdi. O, Xəzər Universiteti barəsində qısa məlumat verdi və universitetin üstünlüklərini qeyd etdi.
Daha sonra Mələk Kərimova abituriyentlərə qəbul imtahanından əvvəl yaşaya biləcəkləri həyəcan zamanı nələr edə biləcəkləri haqqında məlumat verməklə yanaşı, imtahan hazırlığı müddətində edilə biləcəklər barədə danışdı.
Mövzuyla bağlı müzakirələr aparıldı və suallara cavab verildi.
Tədbirin sonunda fərdi qaydada abituruiyentlərin suallarına cavab və psixoloji dəstək verildi.