2019-cu il aprelin 12-də Bakı Dövlət Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Xəzər Universitetində yaradıcı yazı fənninin qonağı oldu. Tədbirə Humanitar, təhsil və sosial elmlər fakültəsi Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının dəvətilə M.Osmanoğlu rəhbərlik etdiyi “Söz” Yaradıcılıq Birliyini təmsil edən tələbələrdən bir qrupu –Nailə Ağayeva, Qismət Cəfərov, Cəmil Cəmilbəyli, Şəhla Abbaszadə, Seymur Hüseynzadə, Elnarə Talıbova, Rüfət Qaçayevlə gəlmişdilər.
Xəzər Universitetinin tələbəsi Səidə Cabarova gələn qonaqla bağlı qısa təqdimatla çıxış edəndən sonra ədəbiyyatşünas alim “Bədii mətn, müəllif, təhkiyə və oxucu münasibətləri” mövzusunda mühazirə oxudu, verilən sualları cavablandırdı.
Gənc şairə Elnarə Talıbova şeirlər söylədi və gitara ilə “Uzaq yaşıl ada”, “Göy göl”, “Sən gəlməz oldun” mahnılarını ifa edən Rüfət Qaçayevlə birgə mahnı oxudu. Xəzər Universitetinin tələbələri Pinar Məmmədzadə, Aytac Həsənova da şeirlər səsləndirdilər.
Sonda M.Osmanoğlu Xəzər Universitetinin tələbələrinə kitablarını bağışladı.