2019-cu il aprelin 11-də Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Hassan Niknafs, fakültənin müəllimləri və yuxarı kurs tələbələri ilə SOCAR Fugro şirkətinin görüşü oldu. SOCAR-ın mütəxəssisi öz təqdimatında dənizdə və quruda platformanın tikilməsi, geodezik işlərin aparılması, metal konstruksiyaların quraşdırılması üçün yeni texnoloji avadanlıqlarla təchiz olunduğu haqqında məlumat verdi, tələbələrə yay təcrübə proqramı və işçi qəbulu proseslərinin necə aparıldığını izah etdi. Bundan başqa, gələcəkdə tələbələrin yay təcrübəsi haqqında razılığa gəlindi. Əlaçı tələbələrin yay təcrübə proqramında iştirak etmək imkanları olduğu, bu proqramı müvəffəqiyyətlə bitirdiklərində, işə qəbul olma ehtimalının yüksək olduğu nəzərə çatdırıldı.
Tələbələrlə görüşdən sonra qonaqlar İnşaat mühəndisliyi departamentinin laboratoriyasına baş çəkdilər. İnşaat mühəndisliyi laboratoriyasının heyəti ilə əməkdaşlıq etmək istədiklərini vurğuladılar. Öz gələcək layihələrində xarici ölkələrdən mütəxəssis gətirilməsinə ehtiyac olmadığını, yerli mütəxəssislərlə yollarına davam etmək istədiklərini qeyd etdilər.