2019-cu il aprelin 6-da Xəzər Universitetinin tərəfdaşı olduğu “Şəhər incəsənəti Azərbaycan” (City Art Azerbaijan) layihəsinin könüllülərinin təşəbbüsü və layihənin digər tərəfdaşı olan Qobustan Milli Tarixi-Bədii Qoruğunun dəstəyilə universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələrinin layihəsinin iştirakçılarının və xaricdən olan gənc arxeoloqların Qobustana səfəri təşkil edildi. Səfər tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək, layihə çərçivəsində əhatəli tanışlıq və gələcək işgüzar fəaliyyəti əlaqələndirmək məqsədi daşıyırdı. Layihə adından səfərdə heykəltəraş Mamed Rəşidov və Azad Aslanov iştirak edirdilər. Səfərə Xəzər Universitetinin müəllimləri Ziya Səmədli və Orxan Zamanov da qatılmışdılar.
Səfərin təşkilində layihənin aparıcı üzvləri Səidə Musayeva (Qobustan qoruğu), İlahə Yusifli, Ləman Kazımlı və İlkin Həsənzadə (hər üçü Xəzər Universiteti) yaxından iştirak etdilər.
Ekskursiya müddətində muzeyin bələdçisi Mezolot, Neolit və bir neçə tarixi dövrlər haqqında məlumatlar verdi. Bələdçi Qobustanda qorunub saxlanılan ibtidai icma dövründən başlayaraq, qədim dövr abidələri, rəsmləri, məişət əşyaları, petroqriflərin yaranması, rasional və irrasionlar səbəbləri haqqında, həmçinin, onların bu günümüzə qədər gəlib çıxması və qorunması barədə tarixi sübutlarla məlumatlar verdi.
Muzey bələdçisi elektron təsvirlərlə müşayiət olunan mühazirədən sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.