2019-cu il aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlandı. AMEA-nın prezidenti akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.
Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülmüşdü. Xəzər Universiteti Kimya və kimya mühəndisliyi departamentinin müəllimi kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova bu müsabiqədə II yerə layiq görüldü.
Qaliblərə sertifikat və pul mükafatı təqdim edildi.