2019-cu il aprelin 4-ü və 5-də Xəzər Universitetində “Hava–Yer–Dəniz qarşılıqlı əlaqələri” adlı beynəlxalq konfrans keçirildi. Bu konfrans UNESCO, Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texniki Universiteti, Çin Elmlər Akademiyası və Avrasiya Universitetləri Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.
Konfrans Xəzər Universitetinin rektoru dosent İradə Xəlilovanın açılış sözü ilə başladı. Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı gələn qonaqları salamladı, konfransda müzakirə olunacaq mövzuların, qurulacaq əlaqələrin vacibliyi və əhəmiyyəti haqqında danışdı.
Açılış mərasimində Coğrafiya və ətraf mühit departamentinin müdiri, konfransın həmsədri Dr. Rövşən Abbasov və İstanbul Aydın Universitetinin prorektoru, konfransın sədri Zafer Aslan da çıxış etdilər.
Konfransın ilk günündə iştirakçılar tərəfindən alternativ enerji mənbələri, ətraf mühitin çirklənməsi, atmosfer hadisələri, insanın ətraf mühitə təsiri, iqlim dəyişmələri, quraqlıq, təhlükəli təbiət hadisələri kimi mövsular ətrafında çıxışlar oldu.
Konfranslın birinci günü təşkilatçılar və digər dəvət olunan tərəflər üçün təlim təşkil olundu. Bu təlimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universuitetinin rektoru dosent İradə Xəlilova, İstanbul Aydın Universitetinin prorektoru professor Zafer Aslan, YUNESKO-nun Eremologiya üzrə bölmə müdiri, Gent Universititinin professoru Donald Gabriel, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafs, İstanbul Texniki Universitetinin professorları Ahmet Şahin və Hüseyin Toros, Yalova Universitetinin dosenti Zelha Altınkaya iştirak edirdilər. Görüşdə gələcək birgə fəaliyyət imkanları araşdırıldı və əsas fəaliyyət istiqamətləri müəyyən edildi. Bir çox sahələr üzrə birgə elmi layihələrin həyata keçirilməsi qərara alındı. 2-ci Beynəlxalq “Hava–Yer–Dəniz qarşılıqlı əlaqələri” konfransının İstanbulda keçirilməsi razılaşdırıldı.
Konfransın ikinci günündə iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinə təsiri, su ehtiyatları, transsərhəd çirklənmə, iqlimin modelləşdirilməsi kimi mövzular ətrafında çıxışlar oldu.
Konfrans iştirakçıları müzakirə olunan mövzulara, hava, yer, dəniz səthində qeyd edilən problemlərlə bağlı təklif etdikləri həll yollarına barədə təqdimatlar dinlənildi, müzakirələr aparıldı. Konfrans YUNESKO-nun Eremologiya üzrə bölmə müdiri, Gent Universitetinin professoru Donald Gabriel, Cənubi Metodist Universitetinin professor Şlomo Veber, İstanbul Aydın Universitetinin prorektoru Zafer Aslan, Xəzər Universuitetinin rektoru dosent İradə Xəlilovanın, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasovun bağlanış nitqləri ilə yekunlaşdı.
Daha sonra konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olundu. Konfransdan sonra qonaqlar üçün kiçik səyahət təşkil olundu.
Qeyd edək ki, beynəlxalq konfransda ABŞ, Türkiyə, Rusiya, Belçika və Azərbaycandan 70-ə yaxın mütəxəssis iştirak edirdi.