2019-cu ildə Moskvadakı “Современная музыка” (“Çağdaş musiqi”) nəşriyyatında SSRİ xalq artisti, bəstəkar, dirijor, pianist və pedaqoq, Dağıstan peşəkar musiqisinin əsasını qoyan şəxsiyyətlərdən biri Murad Kajlayevin iki kitabı nəşr olunmuşdur. Hər iki kitabın əsasını Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının altı şeirinə yazılmış musiqi əsərlərinin (romans, mahnı, tanqo, vals) not yazıları təşkil edir. Kitablara bəstəkar Murad Kajlayev giriş sözü yazmış və burada Murad Kajlayev və Hamlet İsaxanlının həyat və yaradıcılıqları haqqında kiçik oçerklər də verilmişdir. Kitabların ön sözündə bəstəkar Murad Kajlayev 2018-ci ilin sentyabrında Professor İsaxanlının dəvəti və təşkilatçılığı ilə Üzeyir Hacıbəyov adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində M.Kajlayevin yaradıclıq gecəsinin keçirilməsi, habelə, illər sonra gənclik illərinin və valideynlərinin şəhəri Bakıda yenidən olması haqqında təəssüratlarını bölüşmüş və Xəzər Universitetində musiqi və digər tədbirlərin necə yüksək səviyyədə keçirildiyini vurğulamışdır. Bakıda olduğu zaman, Professor İsaxanlıdan onun “Təzadlar” (“Контрасты”) adlı şeirlər kitabının rus dilində olan nüsxəsini hədiyyə alan bəstəkar M.Kajlayev yeni kitablarında nəşr olunmuş musiqi əsərlərini bəstələmək üçün onu təsirləndirən Hamlet İsaxanlıya məxsus altı sevgi şeirini də bu kitabdan seçmişdir.
Bu kitablara Professor İsaxanlının “Səni sevdim çox sadəcə...” (“Я просто очень вас люблю”), “İnciçiçəyi” (“Ландыш”), “Uşaqlıqda qalan buludlar” (“Облака детство”), “Deyirdim ki...” (“Я говорил слова”), “Qoşa çaylar” (“Две речки”), “Sən həyatdan dadlısanmış” (“Желанней жизни”) şeirləri üzərində bəstələnmiş musiqilər daxildir.