2019-cu il martın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Hazana övgü” kitabının müəllifi professor Hamlet İsaxanlının Kahramanmaraş Sütçü İmam Universitetinin Cahit Zarifoğlu konfrans salonunda oxucularla görüşü oldu. Görüşə universitetin rektoru professor Niyazi Can, prorektorlar, dekanlar, bölüm rəhbərləri, yerli və xarici tələbələr, sıravi vətəndaşlar və digərləri qatıldılar. Gözəl səsi ilə salondakıları riqqətə gətirən aparıcı Mehmet Yaşar salona toplaşanları salamlayaraq, kitabın müəllifi haqqında məlumat verdi. Universitetin 4-cü kurs tələbəsi Yusuf Yıldızın ifasında səsləndirilən şeirlər alqışlarla qarşılandı. Kitabın tərcüməçisi, şair-yazar İmdat Avşar Hamlet İsaxanlının ədəbi irsi, İstanbulda ikinci dəfə çap olunan “Hazana övgü” haqqında danışdı.
Sonra Hamlet İsaxanlı tamaşaçılar qarşısında çıxış edərək, salondakıları Azərbaycan və Xəzər Universiteti adına salamladı və şeirlərini oxudu. Çoxsaylı sualları cavablandırdı. Sütçü İmam Universitetinin rektoru professor Niyazi Can maraqlı gecə üçün təşəkkür etdi və hədiyyəsini şairə təqdim etdi. Görüşdən sonra Hamlet İsaxanlının “Hazana övgü” kitabının imza günü keçirildi. Oxucuların xahişi ilə xatirə şəkilləri çəkildi. Türkiyənin Kayseri, Niğde, Nevşehir, Kapadokya və Kahramanmaraş şəhərlərindəki görüşlər çox möhtəşəm sonluqla başa çatdı.
Bir müddət sonra şairin Ankara və İstanbulda oxucuları ilə görüşləri olacaq.