2019-cu il aprelin 6-da Bakı Ali Neft Məktəbinində həmin təhsil müəssisəsi və “Roof Academic Training” mərkəzinin dəstəyi ilə “BHOS Math Cup” adlı universitetlərarası riyaziyyat yarışması keçirildi.
Yarışmada Xəzər Universiteti ilə yanaşı, Azərbaycanın digər aparıcı universitetləri –ADA, ADNSU, BMU və UFAZ universitetləri də təmsil olunurdu. Yarışmada iştirak edən komandalar öz ali məktəblərində keçirilmiş daxili turnirlərin qalibləri seçilmiş tələbələr idilər və bu yarışma universitetlərarası riyaziyyat yarışmasının yekun final mərhələsi kimi keçirilirdi.
“BHOS Math Cup” yarışmasının konseptinə gəldikdə isə yarışma, ümumi və final mərhələlərindən ibarət olmaqla, 2 mərhələdə keçirildi. Ümumi mərhələdə 3 etap olmaqla, komandalar ali riyaziyyat, həndəsə və məntiq bölmələrinin hərəsindən 10 suala düzgün cavab verməkdən ötrü bir-biriləri ilə yarışdı və yekunda ən yüksək nəticə göstərmiş 4 komanda final mərhələsinə keçdi. Cəmi 7 sualdan ibarət olan final mərhələsində ən yüksək nəticə toplayan komanda qalib adını qazandı.
Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışmada Xəzər Universitetinin “Deputatlar” komandası II yer tutdu. Yarışmanın qalibləri sertifikat, kubok və pul mükafatı ilə mükafatlandırıldılar.