“Azərbaycanda artıq ikinci ilimdir və buranı öz evim hesab edirəm. Ölkənin insanları çox mehriban və səmimi olmaqla yanaşı, həm də kömək lazım olduqda, əllərindən gələni edirlər,” – Xəzər Universitetinin Türkiyədən olan və inşaat mühəndisliyi üzrə ikinci kurs bakalavr tələbəsi Yusuf Temel deyir.
Yusuf bildirir ki, təhsil almaq üçün sırf inşaat mühəndisliyini seçməsinin səbəbi ailəsidir: “Bu ixtisası ona görə seçdim ki, bu bizim bir növ ailə peşəmizdir. Mənim atam da inşaat mühəndisidir və mənim gözümdə o, sahəsinin mütəxəssisi kimi idealdır”.
“Seçdiyin sahənin mütəxəssisi kimi yetişməkdə Xəzər Universitetinin tədris sistemi böyük rol oynayır. Xüsusən də, fizika dərslərini çox sevirəm, çünki bu dərsdə bilmədiyim çox şeyi öyrənirəm. Təlim metodları tələbələrin qavramasına uyğun təşkil olunmuşdur və bu da müxtəlif vasitələrlə keçilən mövzuları anlamamızı rahatlaşdırır. Hər hansı bir nəzəriyyəni öyrəndikdə dərhal onunla bağlı nümunələr üzərində işləyirik və praktiki tapşırıqları yerinə yetiririk”.
Xəzər Universitetindən məzun olduqdan sonra Yusuf Almaniyada işləməyi planlaşdırır. O inanır ki, təhsili boyu əldə etdiyi bilik və bacarıqlar ona bu planını reallaşdırmağa imkan yaradacaq: “Təhsilimi Xəzərdə başa vurduqdan sonra Almaniyada inşaat mühəndisi kimi işləməyi və atamın yolunu davam etdirməyi planlayıram”.
“Keyfiyyətli təhsil almaq istəyən hər kəsə Xəzər Universitetini məsləhət görürəm. Burada nailiyyət əldə etmək üçün çox çalışmalı, oxumalı olacaqsınız, amma zəhmətinizin bəhrəsini də mütləq görəcəksiniz”.
Yusuf Temel ilə aparılan müsahibə universitetin Beynəlxalq əlaqələr ofisinin təşkil etdiyi “Dünya və Xəzər” layihəsi çərçivəsində baş tutmuşdur. Layihə çərçivəsində Xəzər Universitetinin əcnəbi tələbələrindən silsilə müsahibələr götürülür.