2017-ci il oktyabrın 25-də Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs 2017/18-ci tədris ilində universitetə qəbul olunmuş bütün əcnəbi tələbələrlə görüşdü. Beynəlxalq əlaqələr şöbəsinin universitetin “Neftçilər” kampusunda təşkil etdiyi görüşdə 13 ölkədən olan əcnəbi tələbələrlə yanaşı, Elmi işlər üzrə prorektor Dr. İradə Xəlilova, Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova və koordinatoru Günay Fərzəliyeva və rektorun assistenti Səbinə Ələkbərli iştirak edirdilər.
Tələbələri salamlayan Dr. Hassan Niknafs görüşü tələbələrin tədris planı ilə bağlı mühüm məsələlərin və universitetin daxili nizam-intizam qaydalarının müzakirəsi ilə başladı. Tələbələr də təhsillə bağlı onları narahat edən məsələləri universitet rəhbərliyi ilə bölüşdülər. Turan Cəfərova onların akademik fəaliyyəti və miqrasiya məsələləri ilə bağlı vacib məlumatları bir daha əcnəbi tələbələrin nəzərinə çatdırdı.
Qeyd edək ki, cari tədris ili üzrə Xəzər Universitetində təhsil almaq üçün Əfqanıstan, İndoneziya, İran, İraq, Nigeriya, Pakistan, Polşa, Rusiya, Cənubi Koreya, Türkiyə, Ukrayna, ABŞ və Zimbabvedən tələbələr qəbul olunmuşlar.