2017-ci il oktyabrın 15-də Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Xəzər Universiteti məzunlarının 43-cü buraxılış (233 bakalavr, 62 magistr) mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim universitetin Kamera orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, gələcək işlərində onlara uğurlar arzuladı.
Qeyd olundu ki, 26 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla 3271 bakalavr, 685 magistr bitirmişdir. Onlardan 811 nəfəri fərqlənmə diplomu ilə bitirmişdir. Aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz özəl işlərini qururlar.
Mərasimdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Xəzər Universitetinin əvvəlki məzunlarının təbrik video-çarxları nümayiş etdirildi. Sonra təbrik üçün Xəzər Universitetinin ilk məzunları dəvət edildi. Keçmiş məzunlar adından Xəzər Universitetinin Hüquq fakültəsini bitirmiş, hazırda ADA Universitetinin dosenti olan Rəşad İbadov çıxış etdi.
Daha sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları rektor Hassan Niknafs, prorektorlar Məhəmməd Nuriyev, İsaxan İsaxanlı, İradə Xəlilova, fakültə dekanları, departament müdirləri və müəllimlər təqdim etdilər. Təqdimatdan sonra məzunların andiçmə mərasimi keçirildi, xatirə şəkilləri çəkildi.
Professor Hamlet İsaxanlı mərasimdə çıxış edərək, məzunlara yeni həyat yollarında uğurlar arzuladı. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.
Tədbir universitetin fakültə əməkdaşları və qızlardan ibarət rəs qrupunun konsert proqramı ilə davam etdirildi. Sonda mərasim universitetin müəllim və tələbələrdən ibarət xorunun möhtəşəm ifası ilə tamamlandı.