2017-ci il oktyabrın 14-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlının təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə respublikada ikinci dəfə “Məmməd Araz Poeziya günü” keçirildi.
Tədbirdə əvvəlcə böyük sənətkarın öz səsində “Ana yurdum” şeiri dinlənildi.
Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı, millət vəkili Aqil Abbas, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şairin qızı – “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay və başqaları çıxış edərək, böyük sənətkarın həyatından, zəngin yaradıcılığından söz açdılar.
Sonra məktəblilər şairin poeziyasından nümunələr söylədilər. Əməkdar artist Yaqub Zurufçunun və vokalist İlham Əsgəroğlunun ifasında şairin sözlərinə yazılmış mahnılar səsləndirildi. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahının “Koroğlu” uvertürasının sədaları altında ifa etdiyi M.Arazın məşhur “Ayağa dur, Azərbaycan” şeiri sürəkli alqışlarla qarşılandı. Tədbirdə Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin əməkdaşı Günel İsmayılova iştirak edirdi.