2017-ci il mayın 18-dən 23-dək Xəzər Universitetinin oğlanlardan və qızlardan ibarət rəqs qrupları Türkiyənin Giresun şəhərində keçirilən 40-cı Beynəlxalq Aksu festivalında müvəffəqiyyətlə iştirak etdilər. Festivalda Xəzər Universiteti ilə birlikdə Gürcüstan, Rusiya, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin müxtəlif bölgələrindən rəqs qrupları iştirak edirdi. Xəzər Universiteti artıq ikinci ildir ki, 35 nəfərdən ibarət heyətlə Beynəlxalq Aksu Festivalında iştirak edirdi.
Mayın 19-da “Xəzər”in kollektivi, ilk olaraq, Giresunda yaşayıb fəaliyyət göstərən azərbaycanlı rəssam Leyla Əliyevanın rəsm sərgisinin açılışında da iştirak etdi. Azərbaycanlı rəssam L.Əliyeva iştirak və dəstəyə görə, universitetin kollektivinə dərin təşəkkürünü və minnətdarlığını bildirdi. L.Əliyeva Xəzər Universiteti kollektivinin onun şəxsi sərgisinə göstərdiyi diqqətindən qürur duyduğunu, məmnun olduğunu ifadə etdi.
Növbəti gün festivalda rəqslərlə zəngin bir gün oldu. İki rəqs qrupu ilə festivala qatılan Xəzər Universitetinin kollektivi Atatürk meydanında və stadionda iki fərqli rəqs proqramı ilə iştirak etdi. Tədbir ənənəvi olaraq Giresun Bələdiyyə başqanı Kerim Aksunun nitqi və hər il yerinə yetirilən bir neçə ritualla başladı. Mərasimdə Giresun valisi, millət vəkilləri, yaxın bölgələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxlu sayda yerli əhali iştirak edirdilər.
Mayın 21-də səhər saatlarında hava şəraitinə görə iki gün təxirə salınan ənənəvi yürüş baş tutdu. Bütün Giresun şəhəri boyunca davam edən yürüşdə festival iştirakçıları öz musiqi və rəqsləri ilə yerli əhaliyə dostluq və sülh mesajları yolladılar. Yerli əhali də öz növbəsində iştirakçılara alqışları ilə dəstək oldular. Giresunluların Xəzər Universitetinin kollektivinə olan xüsusi münasibəti hər yerdə seçilirdi. Atatürk meydanında tamamlanan yürüşdə qonaqları bir daha salamlayan Bələdiyyə başqanı Kerim Aksunun nitqindən sonra müxtəlif ölkələrdən gələn iştirakçılar geniş rəqs proqramları ilə tədbirə davam etdilər. Onu da qeyd etməliyik ki, ən geniş və ən çox davam edən rəqs proqramı məhz Xəzər Universitetinə məxsus idi.
Mayın 21-də Xəzər Universiteti İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylini, Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanı və milli geyimdə olan iki rəqqası Giresun Valiliyində şəhərin valisi Hasan Karahan və Giresun Bələdiyyəsində Giresun Bələdiyyə başqanı Kerim Aksu qəbul etdilər. Ə.Əmirbəyli Xəzər Universiteti adından Giresun Valisinə və Bələdiyyə başqanına dərin təşəkkürünü bildirdi, onlara hədiyyələrini təqdim etdi. Görüşdə şəhər rəhbərliyi Xəzər Universiteti rəhbərliyinə maraqlı çıxışlara görə dərin təşəkkürlərini bildirdilər, onlara hədiyyələrini təqdim etdilər və xatirə şəkilləri çəkildi.
Aksu Festivalının sonuncu günü proqram iştirakçıları Giresun Universitetində açıq havada geniş konsert proqramı ilə çıxış etdilər. Güclü yağış səbəbindən təxirə salınması nəzərdə tutulan konsert proqramı iştirakçıların və tələbələrin təkidi ilə reallaşdı. Universitet tələbələri iki saatdan çox davam edən proqramı maraqla izlədilər.
Mayın 23-də Xəzər Universitetinin kollektivi üçün təşkil olunan yeməkdə Giresun Bələdiyyəsi Mədəniyyət və sosial fəaliyyətlər şöbəsinin müdiri Hasan Özdemir, müavinləri, bələdiyyənin digər rəsmiləri şəxsən Xəzər Universitetinin kollektivini yeməkdə müşayiət etdilər və sonra Giresun Bələdiyyəsinə məxsus avtobusla Sarp Qapısına yola saldılar.