2017-ci il mayın 21-də Xəzər Universitetinin Təhsil fakültəsinin müəllim və tələbələri Azərbaycanın və dünyanın nadir tarixi-mədəniyyət abidə kompleksi olan Qobustana yollandılar. Səfər Tarix və Arxeologiya departamentinin müdiri Roza Arazovanın dəstəyi və departamentin müəllimi Orxan Zamanovun təşəbbüsü ilə baş tutdu. Səfərin məqsədi universitetin birinci kurs tarix müəllimliyi ixtisasının tələbələrinin dünyagörüşü, tarixi bilikləri və Azərbaycanın maddi-mədəni irsi ilə bilavasitə tanışlığını təmin etmək idi. Eyni zamanda, imtahan ərəfəsində tələbə və müəllimlərin birgə istirahətini təşkil etmək və qarşılıqlı fikir mübadiləsinə imkan yaratmaq idi.
Xəzər Universitetinin tələbələrinə Böyükdaş dağında qədim mağaralar, qayaüstü təsvirlər, ibtidai insanın ocaq və yaşayış yeri, landşaftın özünəməxsusluğu nümayiş olundu, daha sonra isə xüsusi olaraq, yeni yaradılmış interaktiv muzeydə bələdçi tərəfindən dünya və Azərbaycanın petroqlifləri, onların öyrənilməsi və coğrafiyası, bölgənin qədim iqlimi və landşaftı, fauna və florası, ibtidai insanın fəaliyyəti və yaşamı haqqında geniş ekskursiya təşkil olundu.
Səfər qısa istirahət saatı və əyləncəli oyunlar ilə başa çatdı.