2017-ci il mayın 8-də Xəzər Universitetinin Mərkəz kampusunun “Dünya” konsert salonunda Xəzər Universitetinin klassik əsərlər əsasında tamaşalar hazırlamaq layihəsi çərçivəsində Nizaminin “Yeddy gözəl” əsəri əsasında hazırlanmış “Yeddi gözəlin sevgi əfsanəsi” tamaşası göstərildi. İlk tamaşa – Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlamış “Leyli Məcnun və məhəbbət” tamaşası 2016-cı ilin dekabr ayında nümayiş etdirilmişdi.
Tədbirdə Xəzər Universitetinni rəhbərliyi, “Xəzər”in və digər universitetlərin tələbələri, valideynlər, qonaqlar, o cümlədən xalq artistləri, məşhur rəqqasələr Roza Cəlilova və Cəmilə Bayramova iştirak edirdilər.
Quruluşçu rejissoru Xəzər Universitetinin rəqs müəllimi Səbinə İsmayılova olan tamaşa Xəzər Universitetinin tələbə qızlardan və oğlanlardan ibarət rəqs ansamblının, həmçinin Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkil etdikləri “Tələbə baharı” yaradıcılıq festivalının digər universitetlərdən (Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Dillər Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası) olan qaliblərinin iştirakı ilə hazırlanmışdı. Mətnin müəllifi İqtisad Universitetinin tələbəsi Vüsal Nəcəfov, şeirlərin müəllifi Ceyhun Hüseynli, musiqi tərtibatçısı İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə idi. Tamaşada Qara Qarayevin musiqisindən istifadə edilmişdi.
Salondakıların dərin maraqla izlədikləri tamaşadan sonra quruluşçu rejissor Səbinə İsmayılova da səhnəyə dəvət olunaraq, bütün iştirakçılar alqışlarla qarşılandılar.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, xalq artistləri Roza Cəlilova və Cəmilə Bayramova çıxış edərək, tamaşnı yüksək qiymətləndirdilər və iştirakçılara uğurlar arzuladılar.