2017-ci il aprelin 23-dən 30-dək Xəzər Universiteti Azərbaycanda təşkil olunmuş 31-ci EFPSA Konqresinin keçirilməsinə sponsorluq edən iki universitetdən biri oldu. Konqresin digər sponsorları Türk Hava Yolları, Asan Xidmət, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Gənclər Fondu kimi böyük qurumlardır.
Məlumat üçün bildiririk ki, EFPSA – Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən ümumavropa təşkilatıdır. Təşkilatın hər il təşkil olunan və ən böyük tədbiri hesab olunan illik konqresinə 33 ölkədən 300-dən artıq gənc psixoloq və professor-müəllim heyəti qatılır. Qax rayonunda təşkil olunmuş 31-ci EFPSA konqresinin əsas mövzusu “Müasir insanlıq” adlanırdı. Bu mövzu ətrafında müharibə və terrorların yaratdığı psixoloji mühit, mədəniyyətlərarası fərqliliklərin yaratdığı psixoloji çətinliklər, texnoloji inkişaf şəraitində insan psixikası və s. bənzər mövzular müzakirə olundu. Tədbirdə Britaniya Psixoloqlar Cəmiyyətinin vitse-prezidenti Jeymi Hager Hugs-ın, Avropa Psixoloqlar Assosiasiyasının baş katibi Robert Xiberias-ın, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı professor Rauf Qaragözovun, Hollandiyanın Utrext Universitetinin psixologiya elmlər doktoru Art Franken-in, Moskva Dövlət Universitetinin professoru Veronika Nurkovanın, İstanbul Şəhər Universitetinin professoru Ceren Acartürkün və digərlərinin mövzu ilə bağlı mühazirələri dinlənildi.
Xəzər Universiteinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri də konqresdə iştirak edirdilər.