2017-ci il mayın 3-də dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”-in “Web of Science” platformasının Azərbaycanda ali təhsil müəssisələri üçün hazırlanan layihənin növbəti tədbiri Bakı Dövlət Universitetində keçirildi.
Tədbirdə əvvəlcə “Thomson Reuters” Agentliyi Elm və təhsil departamentinin əməkdaşı Aygün Babazadə təmsil etdiyi agentlik və həmin qurumda yer alan elmi jurnallar haqqında ətraflı məlumat verdi. Tədbirin ikinci hissəsində Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalın redaktor müavini Xəyalə Məmmədova beynəlxalq elmi məqalənin hazırlanma qaydaları, elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar və digər praktiki məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.
Qeyd edək ki, layihəyə daxil olan bu cür silsilə tədbirlər Azərbaycanın digər ali təhsil müəssisələrində də davam edəcəkdir.