2017-ci il aprelin son həftələri Xəzər Universiteti Təhsil fakültəsinin tələbələrinin köməkçi tarix fənləri üzrə dərsləri Milli Azərbaycan Tarixi Muzeyində təşkil edildi. Universitetin Tarix və arxeologiya departamentinin təşəbbüsü və təşkilatçılığı ilə tarix müəllimiliyi üzrə təhsil alan birinci kurs tələbələrində milli irsimiz və keçmişimizlə bağlı əyanilik yaratmaq məqsədilə aprelin 21-i və 28-də tələbələrin universitetdən kənar tədris ekskursiyasi və mühazirəsi həyata keçirildi. Bu ekskursiya və mühazirə Xəzər Universiteti ilə uzun müddətdir ki, əməkdaşlıq edən ölkənin ən qocaman muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyində onun əməkdaşlarının xüsusi dəstəyi ilə gerçəkləşdirildi. Ekskursiya zamanı tələbələrə Azərbaycan tarixinin bütün mərhələləri haqqında təsəvvür yaradıldı, xalqımızın zəngin maddi və mənəvi irsini özündə əks etdirən eksponatlar barədə məlumat verildi və tarixin araşdırılmasının əyaniliyi nümayiş olundu. MATM-nin şöbə müdiri Səbuhi Əhmədovun heraldika ilə bağlı əhatəli və dolğun mühazirəsi tələbələrin diqqətini xüsusilə cəlb etdi. Tələbələr Azərbaycanın dövlət atributları və bu simvolların öyrənilməsi ilə bağlı suallar verdilər.
Ümumilikdə, Xəzər Universitetinin MATM-də tələbələr üçün təşkil etdiyi əyani dərslər gənclərin tədris edilən mövzuları qavramasına və dərkinə müsbət təsir göstərən vacib amillərdəndir.