Aprelin 26-da Xəzər Universitetində Şekspir yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə departament müdirləri, müəllim və tələbələr iştirak edirdilər.
Tədbiri İngilis dili və ədəbiyyatı departamentinin baş müəllmi Firəngiz Nəsirova açaraq, Şekspirin yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki, dünya ədəbiyyatında böyük dramaturq, humanist şair kimi tanınmış Vilyam Şekspirin yaradıcılığında xalqına olan dərin məhəbbəti, insanı düşündürən mənəvi-psixoloji problemlər, real həyat motivləri əsas yer tutur. Onun əsərləri ilə az-çox tanış olanlar, eyni bir fikri hər dəfə təkrar oxiyarkən yenə də heyran qalmaya bilmir, yenilik tapırlar.
Şekspir yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur və oxucular tərəfindən müsbət qarşılanır. Şekspir Azərbaycan xalqının məişətinə daxil olmuşdur, Şekspir qəhrəmanlarının sözləri zərb-məsəllərə çevrilmişdir, Şekspir qəhrəmanlarının adlarını daşıyanlar da az deyil.
F. Nəsirova “Şekspirin əsərləri həyat rəmzi, gözəllik rəmzidir” - deyə, sözünü bitirdi.
Sonra Humanitar və sosial elmlər fakültəsinin 3-cü, 4-cü kurs və magistr tələbələri Şekspirin “Otello”, “Romeo və Culyetta”, “Hamlet” və bir sıra digər əsərlərindən parçalar söylədilər. Əhəd Ağakişiyev (Hamletin monoloqu), Səbinə İbrahimova, Selcan Əliyeva, Sevinc Dadaşzadə, Aysel Həsənova, Nuranə İsgəndərova, Fidan Hüseynova, Ülkər Rəsulova, Nərgiz Rufullazadə və Fəridə İsayeva Şekspirin əsərlərindən parçaları və sonetlərini ingilis dilində məharətlə ifa etdilər.
İştirakçılar tələbələrin çıxışlarını yüksək qiymətləndirdilər.