2017-ci il aprelin 29-u və 30-da Bakı şəhərində “Academy Group” tərəfindən “Razi Vəliyev: Türkiyə Universitetləri Təhsil Sərgisi” keçirildi. Təhsil sərgisində Türkiyənin 30-a yaxın universiteti ilə yanaşı, Xəzər Universiteti də iştirak edirdi. Təhsil sərgisi “Academy Group”un qurucusu Razi Vəliyevin anım mərasimi ilə başladı. Mərasimdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də çıxış etdi. Sonra sərgi orta məktəb şagirdləri, valideynlər, təhsil işçiləri və ictimaiyyət üçün açıq elan edildi. Təhsil sərgisinə bu il maraq daha böyük idi. Xəzər Universiteti hər zaman olduğu kimi, bu il də şagirdlərin, valideynlərin, Türkiyə universitetləri nümayəndələrinin diqqət mərkəzində idi. Xəzər Universitetinin sərgi salonunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma, İstanbul Aydın Universitetinin Xarici əlaqələr üzrə prorektoru Selman Arslanbaş, İstanbul Zaim Univesitetinin Xarici əlaqələr üzrə koordinatoru Fatih Pehlivan, Bilgi Universitetinin nümayəndəsi Sinan Can Kaymak, Üsküdar Universitetinin Xarici əlaqələr üzrə direktoru Emre Üçsular, təhsil ekspertləri, media nümayəndələri və digərləri ziyarət etdilər. Təhsil sərgisində Xəzər Universitetinin ən çox maraq göstərilən kompüter elmləri, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, maliyyə, iqtisadiyyat, psixologiya üzrə bakalavr ixtisasları idi. Universitetin magistr üzrə ixtisasları isə Təhsil sərgisinə gələnləri daha çox maraqlandırırdı. İctimai əlqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Tələbə və qəbul şöbəsinin müdiri Lamiyə Namazova və Ümumi şöbənin koordinatoru Sevinc Şəfiyeva universitetlə bağlı geniş məlumat verdilər və ziyarətçilərin çoxsaylı suallarını cavablandırdılar. Universitetin fakültələri və ixtisasları ilə bağlı çoxlu sayda bröşürlər sərgi iştirakçılarına təqdim edildi.
Ziyarətçilərlə birlikdə xatirə şəkilləri çəkildi.