2017-ci il aprelin 13-də Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı ilə ADA Universitetində “Əcnəbi gənclər və tələbələrin ideya platforması” layihəsinin yarımfinal mərhələsi keçirildi. Layihənin məqsədi Bakıda təhsil alan əcnəbi gənclər və tələbələri maraqlandıran mövzular haqqında öz fikirlərini ifadə etmək üçün platformanın yaradılmasıdır. 15 ölkədən doqquz ali məktəbi təmsil edən iyirmi iştirakçı münsiflər heyəti qarşısında çıxış etdi. Hər bir iştirakçı beş dəqiqə ərzində təqdimat etdi. Təqdimatlar beş ballıq şkala üzrə münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflər heyəti Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və yerli telekanallarının nümayəndələrindən ibarət idi.
Xəzər Universitetinin iki əcnəbi tələbəsi yarımfinalda iştirak etdi.
Xəzər Universitetinin Kamerundan olan MBA tələbəsi Castin Bonqvonq “Gələcək gənc nəslin əlindədir” deyir. Castin “Gənc nəsil sabahın liderləri kimi” mövzusunda təqdimatı ilə çıxış etdi. O, gənclərin dəstəklənməsi, uşaqların müharibə böhranından qorunması, gənc nəslin inkişafı və öz arzularına nail olacağı bir cəmiyyətin qurulması haqqında danışdı.
Erasmus+ proqramı çərçivəsində Xəzər Universitetində mübadilə proqramında iştirak edən Kozminski Universitetinin (Polşa) tələbəsi Mixal Horbaçevski sahibkarlıq haqqında təqdimat etdi.
Layihənin final mərhələsi 2017-ci il aprelin 25-də baş tutacaq. Müsabiqədə ilk üç yerini tutan qaliblər pul mükafatı ilə təltif olunacaqlar.
“Əcnəbi gənclər və tələbələrin ideya platforması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və ADA Universitetinin Magistr Tələbə Hökümətinin dəstəyi ilə həyata keçirilir.