Xəzər Universiteti geniş beynəlxalq əlaqələri və uğurlu layihələri ilə yalnız Azərbaycanda deyil, geniş regionda tanınır. Universitetin bütün fəaliyyəti boyu, xüsusən də son 10 ildə beynəlxalq əlaqələr sahəsində əldə etdiyi uğurların bir istiqaməti də onun qazandığı beynəlxalq qrantlardır. Xəzər Universiteti həm tərəfdaş universitet olaraq, həm də koordinator olaraq bir sıra nüfuzlu qrantlar qazanmış, tək öz inkişafı üçün deyil, digər Azərbaycan universitetlərinin də inkişafına töhfə vermişdir. Xüsusən də, son bir neçə ildə, mütəmadi olaraq, Avropa Komissiyasının qrantlarını ala bilmiş, onları təhsil sistemimizdə gedən islahatlara, müəllimlərin təkmilləşdirilməsinə, tələbə mübadilə proqramlarının həyata keçirilməsinə sərf etməyə çalışır.
Bütün bunlara baxmayaraq, son bir neçə ildə Azərbaycan təhsilinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən iki böyük layihənin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması nəticəsində ölkəmizə daxil olan xeyli vəsait Avropaya geri çağırılaraq digər ölkə universitetlərinə verilmişdir (?). Qeyd edək ki, 2015-2017-ci illərdə Azərbaycandan Avropa Komissiyası layihələrinin koordinatoru olan tək ali məktəb Xəzər Universiteti olmuşdur.
Belə ki, 2015-ci ildə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin elan etdiyi “ERASMUS+” proqramı üzrə qazandığımız “Universitetlərdə tələbə Ombudsmanı Ofisinin yaradılması” layihəsi (ümumi dəyəri 579 min avrodur), Ədliyyə Nazirliyində qeydiyyata alınmadığı üçün Azərbaycandan alınaraq Gürcüstan Respublikasının Akaki Tsereteli Universitetinə verildi.
2016-cı ildə eyni proqram çərçivəsində qazanılmış “Azərbaycan universitetlərində təlim və tədris proseslərinin təkmilləşdirilməsi” layihəsi də (ümumi dəyəri 909 min avrodur), Ədliyyə Nazirliyində qeydiyyata alınmadığı üçün, aprel ayında yenə Azərbaycandan alınaraq başqa bir avropa universitetinə –İspaniyanın Universitat Politècnica de València universitetinə verildi.
Böyük təəssüf hissi ilə qeyd edirik ki, yuxarıda adı çəkilən hər iki qrantın qeydiyyata alınması ilə bağlı bütün lazımi sənədlər vaxtı-vaxtında Ədliyyə Nazirliyinə təqdim edilməsinə baxmayaraq, nazirlik bu məsələyə laqeyd və qərəzli yanaşmış, qrantın koordinatoru olan Xəzər Universiteti qeydiyyata alınmamış, Xəzər Universitetinin qranta cəlb etdiyi digər Azərbaycan universitetləri isə qeydiyyata alınmışdır (qəribə deyilmi?). Nəticədə, Azərbaycan təhsili üçün cəlb etdiyimiz bir milyon 488 min avro dəyəri olan vəsait digər Avropa ölkələrinə verilmiş, üstəlik, “Sizdə ölkəyə təhsil üçün vəsait gəlməsini istəmirlər,” fikri formalaşır və gələcəkdə ölkəmizə yeni maliyyə vəsaitlərinin cəlbi çətinləşir.