2017-ci il aprelin 3-dən 7-dək Polşanın Varşava Universitetində Erasmus+ “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP) layihəsi çərçivəsində görüş keçirildi.
Görüşün məqsədi iştirakçıları Varşava Universitetinin Ombudsman ofisinin işləri ilə tanış etmək idi. Görüşdə Xəzər Universitetini Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru və AESOP layihəsinin Xəzər Universiteti üzrə layihə rəhbəri Rima Məmmədova və Qəbul və tələbə şöbəsinin müdiri Lamiyə Namazova təmsil etdirdilər.
Görüş Varşava Universitetinin Ombudsmanı Anna Cybulko, Tələbə işləri və tədrisin keyfiyyəti üzrə prorektor professor Jolanta Choińska-Mika və Şərqi Avropa Araşdırmalar Mərkəzinin professoru Jan Malickinin nitqləri ilə başladı. Mübahisə və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri professor Ewa Gmurzyńska Varşava Universitetində yaranan akademik münaqişələrin həllinə dair sistemli yanaşmalar haqqında danışdı. Georgia Dövlət Universitetinin (ABŞ) professoru Daug Yarn isəAmerika universitetlərində yaranan akademik münaqişələrin həllinə dair sistemli yanaşmalardan danışdı. Görüş zamanı bütün regional tərəfdaşlar öz universitetləri haqqında təqdimatlarla çıxış etdilər.
Rima Məmmədova Xəzər Universiteti haqqında geniş məlumat verdi. Xəzər Universitetinin Azərbaycan Respublikasının təhsil sahəsindəki mövqeyindən, tələbələrin həyat tərzindən və tələbələr üçün (yerli və xarici) təhsil səviyyəsinin inkişafı yollarından danışdı. Daha sonra iştirakçılar onlara verilən suallara cavab verdilər. Görüşün birinci günü Varşava Universitetinin tanışlıq turu ilə sona çatdı.
Görüşün ikinci günü Ombudsman ofisinin əməkdaşları, Anna Cybulko və Łukasz Modzelewski bmbudsman ofisinin təşkil olunması, ombudsmanın vəzifələri və öhdəlikləri haqqında təqdimatlarla çıxış etdilər. Təqdimatdan sonra Tələbə Məclisinin nümayəndələri onların tələbələrin hüquqlarının təmin olunmasında iştirakları və Ombudsman ofisi ilə Tələbə Məclisinin əməkdaşlığı haqqında danışdılar.
Görüşün üçüncü günü Ombudsman ofisinin universitetin digər səlahiyətli nümayəndələri, inzibati şöbələri və bölmələri ilə birgə əməkdaşlığına həsr olundu. Tələbə Məclisinin nümayəndələri və rektorluq nəznində ayrı-seçkiliyə qarşı komissiyasının nümayəndəsi onların fəaliyyəti, missiyası, məqsədləri və eləcə də, Ombudsman ofisi ilə əlaqələrindən danışdı. Torun şəhərində yerləşən Bartłomiej Chludziński Nicolaus Copernicus Universitetinin ombudsmanı Nicolaus Copernicus Universitetində yerləşən Ombudsman ofisi haqda təqdimatla çıxış etdi. O,ofisin yaranma tarixi,fəaliyyətləri və ombudsmanın rolu barədə danışdı. Varşava Universitetinin Münaqişə və Mübahisələrin Həlli Mərkəzinin nümayəndəsi Agnieszka Siedlecka öz fəaliyyətlərindən və vasitəçilərin vəzifələri və öhdəliklərindən danışdı.
Görüş zamanı iki vorkşop təşkil olundu: Łukasz Modzelewski Ombudsman ofisinə aid olan vorkşopu, Katarzyna Drzazgowska isə Münaqişə və Mübahisələrin Həlli Mərkəzinə aid olan vorkşopu idarə etdi.Xəzər Universitetinin nümayəndələri hər iki vorkşopda iştirak etdilər və onların fəaliyyətləri ilə yerindəcə tanış oldular.
Rima Məmmədova, həmçinin Varşava Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbri və Erasmus layihələr koordinatoru Sylwia Salamon və Azərbaycan ilə əməkdaşlığa məsul olan Katarzyna Kozdra ilə görüşdü. O, Xəzər Universitetinin beynəlxalq layihələrdə iştirakından, Erasmus+ proqramı çərçivəsində layihələrdə Xəzər Universiteti ilə gələcək əməkdaşlıqlarının mümkünlüyündən danışdı və onlara Xəzər Universitetinin təqdimat materiallarını təqdim etdi.