2017-ci il martında AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri və Xəzər Universtieti Tarix və arxeologiya departamentinin müəllimi tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Osmanlı İmperiyasında “erməni məsələsi” problemi” adlı kitabı çap olunmuşdur. Oxuculara təqdim edilən bu kitab Osmanlı tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda, maraqlı bir dövrünü əhatə edir. Monoqrafiyada XIX əsrdə Osmanlı İmperiyasında “erməni məsələsi” adlı qondarma problemin meydana çıxarılmasında Çar Rusiyasının, İngiltərənin, Fransanın, eləcə də, erməni kilsəsi və missioner təşkilatların rolu araşdırılmış, Türkiyə tarixşünaslığında bəhs olunan problemlə bağlı mövcud baxışlar ortaya qoyulmuşdur. Bununla yanaşı, bəzi hallarda “erməni məsələsi” probleminin əsl mahiyyətinin açılması üçün Azərbaycan, Rusiya və Qərb tədqiqatçılarının əsərləri və Başbakanlık Osmanlı Arxivinin sənədləri dövriyyəyə cəlb olunaraq müqayisəli şəkildə təhlil edilmişdir.
Monoqrafiya beynəlxalq tarixlə məşğul olan mütəxəssislər, tarixçilər, siyasətçilər, habelə Osmanlı tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.