2017-ci il martın 16-sı və 17-də Xəzər Universitetində “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (Advocacy Establishment for Students through Ombudsman Position – AESOP) ERASMUS+ layihəsi çərçivəsində regional tərəfdaşlar arasında görüş keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs qonaqları salamlayaraq, açılış nitqi söylədi. Görüşdə iştirak edən Akaki Tsereteli Dövlət Universitetinin rektoru professor George Gavtadze, Caucasus Universitetinin rektoru professor Kakha Shengelia, Azərbaycanda Milli ERASMUS+ Ofisinin rəhbəri Pərviz Bağırov və Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov da nitq söyləyərək, layihənin əhəmiyyətindən danışdılar və tərəfdaşlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Daha sonra Gürcüstan, Ukrayna və Azərbaycandan olan tərəfdaş univeristetlərin nümayəndələri ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələri haqqında məlumat verdilər.
Görüş zamanı ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələri və aprel-may aylarında Avropa universitetlərinə təşkil olunacaq görüşlər zamanı müşahidə ediləcək və öyrəniləcək məsələlər müzakirə olundu və fəaliyyət planı hazırlandı.
Akaki Tsereteli Dövlət Universitetinin rektoru professor George Gavtadze and Caucasus Universitetinin rektoru professor Kakha Shengelia ayrı-ayrılıqda Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafsla görüşdülər. Görüşlər zamanı universitetlər arasındakı gələcək əməkdaşlığın inkişafı, habelə, müxtəlif mübadilə proqramları və akademik miqyaslı tədbirlərin (seminar, konfrans, yay məktəbi) təşkili barəsində müzakirələr aparıldı.
Görüşün ikinci günündə cari məsələlər və növbəti addımlar haqqında müzakirələr aparıldı və layihənin ümümi idarəetmə görüşü keçirildi. Tədbirin sonunda qonaqlar Şirvanşahlar sarayını ziyarət etdilər. Xəzər Universitetinin tələbələrinin müşaiəti ilə qonaqlar İçəri şəhəri gəzdilər və onun tarixi haqqında məlumat aldılar.