2017-ci il martın 19-u və 25-də (2 gün ərzində) Neft Mühəndisliyi Cəmiyyətinin Xəzər Universiteti bölməsinin (SPE Khazar University Chapter) təşkilatçılığı və Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalovun rəhbərliyi ilə Xəzər Universitetinin neft-qaz mühəndisliyi ixtisası üzrə ikinci və üçüncü il tələbələri üçün açıq dərs keçirildi. Açıq dərs Abşeron yarımadasında yerləşən Yasamal dərəsinin, Lökbatan-Puta-Quşxana yataqlarının yerüstü geoloji kəsilişlərində çöl geoloji tədqiqat işlərinin aparılması qaydalarını tələbələrə aşılamaq məqsədilə çöl geologiyası üzrə dosent Q.Zeynalov tərəfindən aparıldı. Açıq dərsdə qeyd olunan geoloji strukturlarda struktur elementlərin xarakterinin, qırışıqların və qırılma pozğunluqlarının xüsusiyyətlərinin, çöküntülərin toplanma və laylanma formalarının əmələgəlmə şəraitlərinin aşkar edilərək müşahidə edilməsi və çöküntü süxur laylarının uzanma azimutlarının və yatma bucaqlarının təyin edilməsi, karbohidrogen yığımlarının toplanması şəraitini müəyyən etmək üçün potensial kollektor süxurların məsaməlik və keçiricilik xüsusiyyətlərinin vizual qiymətləndirilməsi yerüstü geoloji kəsilişlərdə əyani olaraq həyata keçirildi.