2017-ci il fevralın 28-də Xəzər Universitetində müəllim və tələbələrin iştirakı ilə 1 Mart –Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə ehtiyatda olan polkovnik-leytenant Mayis Talışxanov, Xəzər Universitetinin əməkdaşları Dr.İradə Xəlilova, Dr.Elnurə Əzizova və Pərvanə Baxşəliyeva iştirak etdilər. Xəzər Universitetinin əməkdaşı və ehtiyatda olan polkovnik-leytenant Mayis Talışxanov tədbiri açdı və bir dəqiqəlik sükutla Xocalı şəhidləri yad edildi. Bundan sonra, o, tələbələrə mülki müdafiə haqda və fövqəladə hallar haqqında ümumi məlumat verdi. Ümumdünya Mülki Müdafiə Günü hər il bir mövzuya həsr edilir. Bu il isə bu tədbir “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusuna həsr edilmişdir. Tələbələr Ümumdünya Mülki Müdafiə təşkilatı, yeni texnologiyalar və onların tədbiqi haqda məlumat verdilər, ilk tibbi yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı massajını nümayiş etdirdilər.
Sonra Azərbaycanda fövqəladə hallar və mülki müdafiə hazırlığı haqqında qısa video film nümayiş etdirildi.