Fevralın 16-da Xəzər Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini İlqarYusubov və böyük məsləhətçisi Müjdət Həsənov, universitetin rektoru Hassan Niknafs, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə və Beynəlxalq Ofisin direktoru Turan Cəfərova iştirak etmişlər.
Görüş zamanı qonaqlara Xəzər Universitetinin beynəlxalq əməkdaşlığı barədə geniş məlumat verilmişdir. Xarici tələbələr üçün nostrifikasiya prosedurunun daha da asanlaşdırılması, universitet haqqında məlumatların ingilis dili ilə yanaşı digər xarici dillərdə də yayılması, xarici tələbələrin qəbulunun onlayn platforma üzərindən aparılması haqqında müzakirələr aparılmışdır. Bundan əlavə, universitetə qəbulun il ərzində bir dəfə deyil,müxtəlif vaxtlarda həyata keçirilməsi, doktorantura pilləsində təhsilalmağa gələn xarici tələbələrə iş icazəsinin verilməsi, Təhsil Nazirliyi tərəfindən xarici vətəndaşlara da təqaüd imkanlarının yaradılmasına dair təkliflər irəli sürülmüşdür.