Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xəzər Universitetinin təşkilatçılığı ilə 2017-ci il fevralın 17-də universitetin Neftçilər kampusunun Mərmər salonunda Dövlət Miqrasiya Xidmətinin 10 illiyi münasibətilə “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans işinə başladı.
Tədbirdə Xəzər Universitetinin, Dövlət Miqrasiya Xidmətinni (DMX), dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin elmi əməkdaşları və xarici ekspertlər iştirak edirdilər.
Konfrans DMX-nin keçdiyi inkişaf yolunu əks etdirən qısametrajlı filmin nümayişi ilə başlandı. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransı açaraq, müzakirə olunan mövzunun mühümlüyünü və əhəmiyyətini nəzərə çatdırdı. O, həmçinin, iştirakçılara Xəzər Universiteti haqqında da qısa məlumat verdi.
DMX rəisinin müavini Pərviz Musayev çıxışında xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğurlar və nailiyyətlər barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırdı.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Furio de Angeles, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək, miqrasiya probleminin mühüm cəhətlərindən söz açdılar.
Açılış mərasimindən sonra elmi-praktik konfransın plenar iclasında ölkə və xarici mütəxəssislərin məruzələri dinlənilməyə başlandı.
Məruzələr ətrafında müzakirələrdən sonra elmi-praktik konfransın qətnaməsi qəbul ediləcək.