Fevralın 16-da Xəzər Universitetinin rektoru Hassan Niknafsın sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirildi. Gündəliyə əsasən imtahan sessiyasının nəticələri, növbəti semestrə hazırlıq, akkreditasiya, Bioloji elmlər departamentinin müdiri, fəlsəfə doktoru İradə Xəlilovanın dosent, Musiqi və incəsənət departamentinin müdiri, dosent Zülfiyyə Sadıqovanın professor vəzifəsinə seçilməsi haqqında Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyevin məlumatları dinlənildi.
2017-ci il üzrə doktoranturaya qəbulun nəticələri, 2017-ci ildə qəbul olunmuş doktorant və dissertantlara təklif olunan dissertasiya mövzuları və elmi rəhbərlərin müzakirəsi və təsdiqi, Təhsil departamentinin “Təhsilin təşkili və planlaşdırılması ixtisası” üzrə doktorantı Səmayə Həsənovanın doktoranturadan dissertanturaya keçirilməsi haqqında Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Bioloji elmlər departamentinin doktorantı Züleyxa Ələkbərovanın “Biotexnologiya” ixtisasından (2422.01) “Biokimya” ixtisasına (2406.02) keçirilməsi haqqında Bioloji elmlər departamentinin müdiri İradə Xəlilova məlumat verdilər. Gündəlikdəki məsələlər ətrafında müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.
Elmi şuranın iclasında universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, nüfuzlu jurnallarda əməkdaşların elmi məqalələrinin çapının artırılması və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi zərurətindən danışdı.
Elmi şuranın iclasında cari məsələlər də müzakirə olundu.