2017-ci il fevralın 4-də Xəzər Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Nərgiz Allahquluzadənin rəhbərliyi ilə həyata keçirilən “Gənc Psixoloqların I Debat Çempionatı” layihəsinin yekun mərhələsi baş tutdu.
Çempionat günü əvvəlcə hakimlər tərəfindən püşkatma həyata keçirildi, komandalar qruplara bölündü, təsdiq və inkar oynayacaq komandalar ayrıldı. Komanda görüşlərindən sonra qrupdan çıxan komandalar püşkatma ilə oynayacaqları mövqelər müəyyən edildi. Yarımfinalda qarşılaşan 4 komandanın gərgin mübarizəsindən sonra final mərhələsində “Legion 13” komandası ilə “Komanda” komandası arasındakı qarşılaşmada “Komanda” komandası Gənc Psixoloqların I Debat Çempionatının qalibi adını qazandı.
Çempionatın sonunda qalib komanda kubokla, qalib komanda üzvləri birincilik medalı və sertifikatla, çempionatda ikinci olan komanda üzvləri “Finalçı” sertifikatı ilə, altı nəfər spiker “Ən yaxşı spiker” sertifikatı ilə, bir nəfər hakim “Ən yaxşı hakim” sertifikatı ilə, qalan bütün iştirakçılar isə “İştirakçı” sertifikatı ilə təltif edildilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Psixoloqların I Debat Çempionatı” layihəsi 3 ay müddətində keçirildi və layihənin icrasında layihə rəhbəri Nərgiz Allahquluzadəyə təşkilati işlərdə Debat Vətəndaş Cəmiyyəti (DVC) və Gənc Psixoloqlar İctimai Birliyi (GPB), çempionatın keçirilməsində isə Xəzər Universiteti dəstək oldu.