2017-ci il yanvarın 27-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində Bakı şəhəri üzrə VI, VII, VIII sinif şagirdləri arasında keçirilmiş “Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılma tədbiri təşkil olundu.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə kurator-koordinatoru Salman Əbdülov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Elnur Məmmədov, paytaxtın müxtəlif məktəblərinin direktorları, müəllimlər, valideynlər, şagirdlər iştirak edirdilər.
Tədbirdə çıxış edən professor Hamlet İsaxanlı müasir dövrdə elmin çox sürətlə inkişaf etdiyini qeyd edərək, belə olimpiadaların keçirilməsinin istedadlı şagirdlərin üzə çıxarılmasında və onların inkişafı üçün şərait yaradılmasında mühüm rolu olduğunu bildirdi.
Daha sonra çıxış edən Əjdər Ağayev və Salman Əbdülov iştirakçıları salamlayaraq, qalibləri təbrik etdilər.
Tədbirdə olimpiada qaliblərinin mükafatlarını “Dünya” məktəbinin məzunları təqdim etdilər.