2017-ci il yanvarın 18-də “Elm şənliyi” layihəsinin aparıcı tərəfdaşlarından olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində mərkəzin rəhbəri Dr. Əhməd Sami Elaydinin təşəbbüsü ilə Xəzər Universitetindən tədbirin təşkilatçıları və iştirakçıları üçün dəvət təşkil olundu. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Dr. Əhməd Sami Elaydi açaraq, Azərbaycan və Misir arasında mədəni və təhsil əlaqələri bu gün özünün ən mütərəqqi dövrünü yaşadığını, “Elm şənliyi” layihəsinin mütərəqqi əhəmiyyətini və Misir-Azərbaycan əlaqələrinin güclənməsini bildirdi. O, Azərbaycan və Misir xalqlarının ortaq tarixi, mədəniyyəti, dil və din birliyindən bəhs etdi. Daha sonra Misir haqqında qısa video çarx nümayiş olundu.
Sonra Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədova çıxış etdi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Firdovsiyyə Əhmədova və Havva Məmmədova, həmçinin, layihənin redaksiya heyətinin rəhbəri, BDU-nin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri professor Qüdrət İsmayılzadə iştirak edirdilər.
Daha sonra layihənin rəhbəri Turanə Zamanova və digər təşkilatçılar tərəfdaşlara təşəkkürünü bildirərək, belə layihələrin təşkilinin əhəmiyyətindən bəhs etdilər.
Tədbirin rəsmi hissəsindən sonra dəvətlilərə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olan maraqlı eksponatlar və zəngin kitabxana nümayiş olundu. Daha sonra çay süfrəsi arxasında elmin və təhsilin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 2016-cı il dekabrın 23-də Xəzər Universitetinin “Mərmər” zalında “Elm şənliyi” layihəsinin yekun tədbiri keçirilmişdi.