Dekabrın 29-da Xəzər Universitetinin Mədəniyyət mərkəzində universitetin Direktorlar və Qəyyumlar Şurası sədrinin assistenti Marta Lourinin “Xəzər”də əmək fəaliyyətini başa çatdırması və vətəni ABŞ-a yola salınması münasibətilə tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və qonaqlar iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, Marta Lourinin yeddi il ərzində “Xəzər”dəki fəaliyyətini yüksək dəyərləndirdi, onun işgüzar, çalışqan, məsuliyyətli işçi olduğunu nəzərə çatdırdı, şəxsi keyfiyyətlərindən danışdı. Universitetin Multimedia mərkəzinin Marta Louri haqqında hazırladığı slayd-şou nümayiş etdirildi.
Digər çıxış edənlər – universitetin rektoru Hassan Niknafs, prorektor İsaxan İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Məzunlarla iş mərkəzinin direktoru Baba Bayramlı, Təhsil fakültəsinin müəllimi Qoşqar Məhərrəmov və AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi Marta Lourinin əmək fəaliyyətinin müxtəlif cəhətlərindən və şəxsi məziyyətlərindən söz açdılar.
Marta Louriyə gül dəstəsi, hədiyyələr və “Xəzər”dəki fəaliyyəti haqqında sertifikat təqdim olundu. Marta Louri çıxış edərək, universitetin rəhbərliyinə və əməkdşlarına təşəkkürünü bildirdi.
Tədbir musiqi nömrələri ilə müşayiət olundu.