Dekabrın 10-da Sumqayıt “Dünya” məktəbinin Sumqayıt şəhərində həyata keçirdiyi elm və mədəniyyətin inkişafı layihəsi çərçivəsində Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının ilkin mərhələsi oldu. Bu mərhələdə bədii qiraət, rəsm-sənət, şahmat, vokal, rəqs müsabiqələri keçirildi. Müsabiqələrdə ümumilikdə şəhərdəki 50 məktəbin 48-dən 513 nəfər şagird, 400-dən artıq valideyn və müəllimlər iştirak edirdilər. Münsiflər heyəti Xəzər Universiteti və “Dünya” məktəbinin peşəkar müəllim və mütəxəssislərindən təşkil olunmuşdu.
Festivalı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, tədbirin əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı.
Gərgin keçən yarışmalardan sonra Münsiflər heyətinin qərarı ilə 5 nominasiya üzrə 147 nəfər şagird yanvarın 28-də keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazandı.
Tədbirdə “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Dirktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Sumqayıt Təhsil Şöbəsinin baş metodisti İlham Mirzəliyev, Sumqayıt “Dünya” məktəbinin direktoru Münəvər Bayramlı iştirak edirdilər.