2016-cı il dekabrın 9-u və 10-da Xəzər Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Y-PEER Azərbaycan şəbəkəsinin və Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin təşkilati dəstəyi ilə növbəti “Əlçatan təhsil –Əlçatan gələcək” adlı təlim keçirildi.
Təlimin məqsədi inklüziv təhsillə bağlı məlumatlandırma, əlilliyi olan uşaqlarla işləyərkən, onlara olan düzgün pedaqoji yanaşma və davranışın inkişaf etdirilməsi idi.
Təlimdə özünü potensial təlimçi və ya təhsil işçisi kimi görənlər, əlilliyi olan uşaqlarla çalışarkən yeni yanaşma və bacarıqları öyrənmək istəyən 18-25 yaş arası gənclər iştirak edirdilər.
Təlim zamanı əlilliyi olan şəxslərin yaşadığı çətinlikləri hiss etmək, onları daha yaxşı anlamaq üçün müxtəlif oyunlar keçirildi, səhnəciklər göstərildi.
Təlim zamanı Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova iştirakçılara ESFİDİP layihəsi haqqında məlumat verdi və iştirakçıları maraqlandıran sualları cavablandlırdı.
Təlimin sonunda iştirakçılara sertifikat verildi.