Dekabrın 5-7-də Xəzər Universitetinin mərmər zalında Avrasiya Bilik Mərkəzi, Xəzər Universiteti və Təbii Sərvətlərin İdarə edilməsi İnstitutunun (Natural Resource Governance İnstitute – NRGİ) təşkilatçılığı, İsveçrə İqtisadi Əməkdaşlıq Ofisinin (SEKO) maliyyə dəstəyi ilə “Hasilat sənayesində hüquqi və fiskal baza” mövzusunda beynəlxalq təlim keçirildi. Təlimin məqsədi iştirakçılarla Avrasiyanın neft və qaz ixrac edən ölkələrinin hüquq və maliyyə rejimlərini müzakirə etmək, onlarla bu mövzuda treninq keçmək idi.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Ukraynadan 27 nəfər mütəxəssis iştirak edirdi.
Təlimin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, SECO-nun regional direktorunun müavini Simone Haeberli çıxış edərək, iştirakçıları salamladılar və onlara treninq prosesində səmərəli iş arzuladılar.
NRGİ-nin regional direktoru Qalib Əfəndiyev çıxışında qeyd etdi ki, Avrasiya Bilik Mərkəzi ilk dəfə olaraq, hüquqi məsələlərə və fiskal bazaya həsr olunmuş təlim keçirir. Bu mövzuda təlimin keçirilməsi regiondakı ölkələrin buna ehtiyacı olması ilə əlaqədardır.
Avrasiya Bilik Mərkəzinin direktoru, Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinn dekanı İnqilab Əhmədov təlimin ilk sessiyasını açdı. NRGİ-nin hüquq məsələləri üzrə eksperti Amir Shafaie “Normativ-hüquqi baza və müqavilələrin rolu“ mövzusunda təlim keçirdi. Digər mövzularda da təlimlər oldu. “Lisenziyaların bölüşdürülməsi və danışıqlar” mövzusundakı ikinci iclas hüquqi konsepsiyalar əsasında qrup halında praktiki məşğələ kimi keçirildi.
Tədbirin ikinci günü hasilat sənayelərində fiskal alətlərinə həsr olundu. NRGT-nin Monqolustandan olan eksperti Dorjdari Namkhaijantsan “Mənbədən gəlirə” mövsuzunda təlim keçirdi. Sonra iştirakçılar təbii sərvətlərin gəlirlərinin şirkətlə dövlət arasında düzgün bölüşməsi haqqında müzakirədə apardılar. Amir Shafei “Əsas fiskal alətləri” haqqında çıxış etdi. İştirakçıların sualları cavablandırıldı. İştirakçılar 4 qrupa bölünüb, praktiki tapşırıq yerinə yetirdilər.
Təlimin üçüncü günündə “Fiskal modelləşdirmə: bu nə üçün lazımdır?”, “Praktiki iş - modelləri necə tətbiq etməli” və digər mövzularda təlimlər keçirildi. Təlimçilər Amir Shafei və Dorjdari Namkhaijantsan idi.
Günün sonunda üçgünlük təlimə yekun vuruldu, iştirakçılara sertifikat təqdim olundu.