Dekabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Orqan və Kamera Musiqi Zalında görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun müəllif konserti keçirildi. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, musiqi ictimaiyyətinin nümayəndələri, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin əməkdaşları və tələbələri, media mənsubları iştirak edirdilər.
Konsertin aparıcısı müsiqişünas Nərgiz Kərimova idi.
Konsertin birinci hissəsində Xəzər Universitetinin Kamera orkestrinin (bədii rəhbər Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, dosent, pianoçu Zülfiyyə Sadıqova, konsertmeystr Nəsrin Rzayeva ) ifasında bəstəkarın kamera əsərləri, həmçinin Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “İki lövhə” adlı əsəri Əməkdar Fəridə Məmmədovanın ifasında səsləndi.
Konsertin ikinci hissəsində bəstəkarın əsərlərini Dövlət Simli Kvarteti, Dövlət triosu və “Gənclik kvarteti ifa etdilər. Uşaq filarmoniyasının balaca solistləri və “Şəms” xorunun ifasında bəstəkarın uşaqlar üçün yazdığı əsərlər səsləndi.
Sonda S. Fərəcov konsertin təşkilatçı və iştirakçılarına, xüsusilə Xəzər Universitetinin rəhbərliyinə və musiqiçilərinə təşəkkürünü bildirdi.