2016-cı il noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və Xəzər Universitetinin tərədaşlıq etdiyi “Elm şənliyi” layihəsinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiyası şöbəsinin İçərişəhərdəki Arxeologiya muzeyində ilk tədbiri keçirilmişdir. Bu tədbir, “Elm Şənliyi” layihəsi üzrə nəzərdə tutulmuş elmi-populyar müsabiqənin müxtəlif ali təhsil məktəblərinin tələbələrindən təşkil edilən yarış komandaları ilə ilkin tanışlıq məqsədilə həyata keçirilmişdi. Tədbrin açılışında layihə rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov layihə haqqında qısa məlumat verdikdən sonra sözü layihənin koordinatoru olan arxeoloq Pərviz Qasımova verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımov əvvəlcə layihənin əsas məqsədi haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra Pərviz Qasımov iştirakçıları Arxeologiya muzeyindəki Azərbaycan arxeoloji irsini əks etdirən eksponatlarla tanış etdi. P.Qasımov ekskursiya əsnasında iştirakçılara bir çox yeni məlumatlar verdi; bu məlumatlar sırasına arxeoloji materialların Azərbaycan xalqının qədimliyinin öyrənilməsində rolu, arxeoloji yeni tədqiqat, dövrləşdirmə, analiz metodları və s. daxildir.
Muzeylə tanışlıqdan sonra içtirakçılara “Elm Şənliyi” layihəsinin yarımfinal və final mərhələsi haqqında məlumatlar verildi. Bundan sonra tədbir iştirakçıları xatırə şəkli çəkdirdilər.